12.05.2016

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində ilk dərslərə start verilib

Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı ilə reallaşdırılan “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində bölgələrdə müvafiq tədbirlər həyata keçirilir. Proqram çərçivəsində Lənkəran, Quba rayonlarında, Şəki, Gəncə şəhərlərində ilk akademik dərslər və fərdi inkişaf təlimləri keçirilib. Ümumilikdə, 17 məktəbin əhatə olunduğu dərs və təlimlərdə 400-dən çox şagird iştirak edib.

Akademik dərslər zamanı ingilis və Azərbaycan dili müəllimləri şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edib və qrup oyunları keçiriblər.

Təlimlər "ixtisas seçimi" və "oxumaq həvəsi" mövzuları üzrə tədris olunub. Təlimçilər şagirdləri bu mövzuların əsas anlayışları ilə tanış edib, şəxsi təcrübələrini onlarla bölüşüb. Təlimə xüsusi rəng qatan komanda oyunları şagirdlərə öyrəndiklərini daha dərindən dərk etməkdə yardımçı olub.

Qeyd edək ki, ‘’Azərbaycan üçün öyrət’’ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləyərək, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Proqram Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı çərçivəsində “İstək” liseyi, “London School” Dil Tədris Mərkəzi, “Headway Language and Development” şirkəti, AIESEC Azərbaycan təşkilatı,  “Şərq – Qərb” Nəşriyyat Evinin dəstəyi ilə həyata keçirilir. Proqramın məqsədi Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.


Açar sözlər: ,