Noyabrın 14-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Gəncə şəhər məktəblilərindən ibarət 40 nəfərlik şagird qrupu cənub bölgəsinə yola düşüblər.
Aksiyanın əsas məqsədi gələcək nəslə ölkəmizin tarixi irsini, mədəniyyətini, milli adət-ənənələrini, vətənpərvərlik ruhunu aşılamaq, müstəqillik illərində əldə olunmuş nailiyyətlərimizi dərindən öyrətmək, onların dünyagörüşünün daha da zənginləşdirilməsindən ibarətdir.
Yola düşməzdən əvvəl şagirdlər ulu öndər Heydər Əliyevin Gəncənin baş meydanında olan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Gəncə Şəhər Təhsil İdarsənin rəisi Zakir Hüseynov məktəblilərlə görüşüb, onlara uğurlar arzu ediblər.
Şagirdlər üç gün ərzində Lənkəran- Lerik- Masallı- Astara rayonlarını gəzəcəklər. Həmçinin Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər Mərkəzləri, Bayraq meydanları, parklar, həmin rayonların görməli yerləri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə yuxarı sinif şagirdləri üçün ildə iki dəfə təşkil edilir.