Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Böyük Vətən müharibəsi veteranı Qüdrət Cəfərov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və ədəbiyyat fənninə marağın artırılması məqsədi ilə keçirilən tədbirdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışılıb. Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Tədbirdə şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Şeirlərindən, poemalarından nümunələr söylənilib
Şagirdlər “Yenə o bağ olaydı”, “Küləklər”, “Oxu tar” və başqa şeirləri ifa ediblər.