Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin qalib olan "Yuxarı sinif şagirdlərinin kimya, biologiya və fizika fənlərinə olan maraqlarının artırılması məqsədi ilə ümumşəhər bilik yarışlarının təşkili" layihəsi yekunlaşıb.
Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev tərəfindən ümumi təhsil müəssisələri kateqoriyası üzrə həyata keçirilən layihənin məqsədi Gəncə şəhərində fəaliyyət göstərən 46 tam orta məktəbin yuxarı sinif şagirdlərinin kimya, biologiya və fizika fənlərinə olan maraqlarının artırmaqla, onların gələcəkdə bu sahələr üzrə təhsillərini davam etdirmək üçün müvafiq ixtisas seçmələrinə şərait yaratmaq və dəstək olmaqdır.
Məlumat üçün bildirək ki, bilik yarışması 3 mərhələdə keçirilib. Yarışmanın mərhələləri 13 oktyabr 2018-ci il tarixdə başlayıb 26 yanvar 2019-cu il tarixdə bitib. 9 fevral 2019-cu il tarixdə Final günü keçirilib. Bilik yarışmasının qalibi (I yer) 16 nömrəli tam orta məktəb, 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey 2-ci yerə və 39 nömrəli tam orta məktəb 3-cü yerə layiq görülüb.