14.02.2019

“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib

Gəncə Şəhər Təhsil İdarəsində ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd “Kiçik akademiya” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirməkdən ibarətdir.

Tədbirdə Gəncə şəhər metodiki Mərkəzin direktoru Söhrab Hacıyev, Təhsil İdarəsinin məsləhətçisi Qorxmaz Abbaszadə, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin əməkdaşı, Elm üzrə “Prezident mükafatçısı” Elnur Həsənov və ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyətini həyata keçirən müəllimlər iştirak ediblər.

Mövzu ilə əlaqədar çıxış edənlər “Kiçik akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib. Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyini nəzərə çatdırıblar.

Sonda “Kiçik akademiya”larla bağlı şagirdlərin sualları cavablandırılıb.