18.02.2019

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb

Gəncə şəhərində “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb. Müsabiqənin nəticələrinə uyğun olaraq 3 şagird  ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar.

İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.

Müsabiqədə I, II, III yerlərə layiq görülmüş iştirakçılar mükafatlandırılacaq.

Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.