Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə tədrisin Rus və Azərbaycan dillərində olduğu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə XI Respublika olimpiadası keçirilib.
Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyinin və Gəncə Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini şagirdlərə mənimsətməkdir. Açılış mərasimi Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səslənməsi ilə başlanıb. Olimpiadada Gəncə şəhər məktəblərindən 265, Goranboy rayon məktəblərindən 26, Samux rayon məktəblərindən 25, Daşkəsən rayon məktəblərindən 6, Göygöl rayon məktəblərindən 4, Naftalan rayon məktəblərindən 2, ümumilikdə isə 328 şagird iştirak edib.
Ötən illərdən fərqli olaraq olimpiada bir mərhələdə aparılıb. VII və VIII sinif şagirdləri 60 dəqiqə ərzində onlara təqdim edilən test tapşırıqlarını cavablandırıblar. Olimpiadanın yekununda şagirdlərə Rusiya səfirliyi tərəfindən sertifikatlar təqdim edilib.