Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.
31 mart tarixdə keçirilən yarımfinal mərhələsində Gəncə şəhər ümumtəhsil məktəblərindən 214 şagird biliyini sınayıb. Nəticələrə əsasən isə onlardan 10 nəfəri final turuna vəsiqə qazanıb.
Respublika fənn olimpiadalarının final turunda yarımfinal turunun nəticələrinə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər iştirak etmək huququ qazanıblar.
Qeyd edək ki, Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.