Aprelin 1-dən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb.
Müsahibə komissiyası Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir .
Müsahibə komissiyasının tərkibi 5 nəfərdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi rəhbərlik mərkəz rəhbəri tərəfindən həyata keçirilir.
Rus dilində tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, uşağın dinlədiyini anlaması, ünsiyyət qurması və öz fikrini sadə formada ifadə etməsi nəzərdə tutulur.
Uşaq rus dilində tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçirilir.
Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər.
Hər uşaq üzrə müsahibənin vaxtı maksimum 7 dəqiqə müəyyənləşdirilib. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır, həmçinin müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndərilir.