Nazilə Nağıyeva 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsininin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olub. 2014-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti ümumi dilçilik ixtisası üzrə magistr təhsili alıb. 2018-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) Müsabiqəsində iştirak edib. Nəticədə 53 bal toplayaraq Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəlimi olaraq təyin olunub.
-Müəllim olmaq istəyi sizdə necə yarandı?
-Uşaqlıqdan müəllimlərimə böyük həsədlə baxmışam. Onların şəxsən mənim bugünki həyatımda böyük dəyişikliklərə səbəb olması danılmazdır. Müəllimlərimin doğru istiqaməti nəticəsində bugün xəyallarımın peşəsinə sahibəm. Müəllimlik şərəfli və məsuliyyətli işdir, çünki o öz həyatını xalqın gələcəyinə həsr edərək, gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır.
-Azərbaycan dili və ədəbiyyatı fənni digər tədris olunan fənnlərlə müqayisədə daha çox məsuliyyət tələb edir. Bəs siz fənninizin tədrisi zamanı hansı problemlər və ya üstünlüklərlə qarşılaşırsınız?
-Həqiqətən də, Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq çox məsuliyyət tələb edir. Üstünlüklərimiz milli-mənəvi dəyərlərin uşaqlara öz dilimizdə çatdırılması, bədii əsərlər vasitəsilə şagirdlərə ən vacib və xeyirlisini yönləndirmək və bunu onlara inandırmaq bizim əsas vəzifəmizdir. Çünki geniş dünyagörüşlü, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək, məncə, ən çox Azərbaycan dili və ədəbiyyat müəllimlərinin öhdəsinə düşür.
-Müəllim olmaq sizin üçün nə deməkdir? Sizin özünüzə nümunə hesab etdiyiniz müəllimlər olubmu?
-Filosoflarımızdan biri demişdir ki, yaxşı müəllim, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub. Bir müəllim həm şagirdin daxili dünyasını zənginləşdirir, həm onu hərtərəfli tərbiyə edir, həm də savad aclığından xilas edir. Şagirdlərini bir-birindən seçməyərək və hər nə olur-olsun, öz səmimiyyətini pozmayaraq ədalət və dürüstlüyü öyrədir. Orta məktəbdə təhsil aldığım müddətdə mənim də sevimli müəllimlərim var idi. Onlar mənim üçün yol göstərən nümunəvi insanlar idi. Bugündə dəyərli müəllimlərimlə əlaqə saxlayıram.
-Bir müəllim üçün ən gözəl hədiyyə sizcə nədir?
-Mənim üçün ən gözəl hədiyyə doğru yola yönəltdiyim şagirdlərimdir. Əgər cəmiyyət üçün faydalı şəxsiyyət yetirmişəmsə, artıq hədiyyəm var deməkdir. Ümumiyyətlə sənətini şərəflə yerinə yetirdiyin müddətcə şagirdin qəlbində kök salmaq hədiyyədir.
-Dərs prosesində daha çox hansı üsul və vasitələrdən istifadə edirsiniz?
-Dərs prosesini daha çox şagirdlərə uyğun qururam. Bu şagirdləri dərsə cəlb etməkdə, dərsi sevdirməkdə əvəzolunmaz vasitədir. Tədris prosesində daha çox sərbəst olmaq mənim üçün önəmlidir. Əsas məsələ şagirdin məktəbdən nə isə öyrənərək getməsidir. Fərqli metod və üsullardan istifadə etməyi sevirəm Kiçik qruplarla iş mövzunun daha səmərəli öyrədilməsində müstəsna rol oynayır. Diskussiya, beyin həmləsi, debat, auksion və s. yeni üsullar məncə, mövzuların mənimsənilməsində daha uğurludur.
-Müəllim olmaq istəyənlərə nə deyərdiniz?
-Həyatda insanların qazandıqları böyük məsələlər var əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər. Bunlar insan yetişdirmək, şagirdə verəcəyiniz təmannasız elm, bilik, savad, həyatda doğru-düzgün baxış, xoş əməllərdir.