Gəncə şəhər təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər, mühazirə və sərgilər keçirilib.
Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, BMT-nin Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsi gününə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
"Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidir", "Hər bir uşaq bir çiçəkdir" adlı tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar, fləşmob, idman nömrələri nümayiş etdiriblər.
Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.