Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin məzunu Dilarə Hüseynova şəhər üzrə ən yüksək nəticəni göstərib. Belə ki, məzunumuz 679 bal toplayaraq illərdir müəllimlərinin və valideynlərinin çəkdiyi əziyyəti, verdiyi təhsili qiymətləndirə bilib. Məzunumuz Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub. Təhsil aldığı müddətdə yüksək nəticələrinə görə tam orta təhsili fərqlənmə attestatı ilə bitirən Dilarə öz sevincini bizimlə bölüşdü.
“Həyatda hər kəsin bir hədəfi olmalıdır. Həyatımızın sonunda harada olacağımızı bilmək istəyiriksə, haraya getdiyimizi bilməliyik. Buna görə də, özümüzə doğru hədəflər müəyyənləşdirməliyik. Hədəfə çatmaqda bizə yolumuzu müəyyənləşdirməyə, aldığımız təhsil, iradəmiz, əzim və qərarlı olmağımız kömək edəcəkdir. Hər zaman həkimlik peşəsinə məndə böyük maraq olub. Ən böyük arzum həkim olmaq, insanların ümidlərini doğrultmaq olub. Bugünə qədər bizlərdən gözlənilən yaxşı bir övlad və uğurlu bir şagird olmaq idi. Ancaq bundan sonra bütün bunlarla yanaşı yaxşı bir vətəndaş olmağı da əlavə etməliyik. Əgər bügunədək, yaxşı təhsil alıb, verilən imkanlardan istifadə edə bilmişiksə, artıq vətənimiz üçün olan borcumuzu ödəməli işimizin peşəkarı olaraq xalqımıza xidmət etməliyik. Yaxşı təhsil alıb, şəxsiyyət kimi formalaşmağımda əməyi olan bütün müəllimlərimə təşəkkür edirəm.”