21.08.2019

Qəbul nəticələrinə əsasən 77 nəfər 600 baldan yuxarı nəticə göstərib

2018-2019-cu tədris ili üçün Gəncə şəhər ümumtəhsil məktəblərinin məzunları uğurlu nəticələri ilə 2019-2020-ci tədris ilinə başlayacaqlar. Belə ki, məzunlarımızın böyük əksəriyyəti tələbə adını qazanıb. Ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 2336 nəfər məzundan 2023 nəfəri ali təhsil müəssisələrinə sənəd verib, onlardan 1192 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar. Qəbul imtahanlarında məzunlardan 248 nəfəri 500 baldan, o cümlədən 77 nəfər 600 baldan yuxarı nəticə göstərib.

Yüksək nəticə əldə edən məzunlardan biri də Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin məzunu Səbinə Alıyevadır. III ixtisas qrupu üzrə 668 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olan məzun uğurlu nəticəsi üçün təhsil almış olduğu ümumtəhsil məktəbinə və valideynlərinə öz minnətdarlığını bildirdi:

“Haqq-ədalət, dürüstlük, vicdanlılıq uşaqlıqdan valideynlərimiz daha sonra isə müəllimlərimiz tərəfindən bizə aşılanıb.İllər keçdikcə mən haqq-ədalət carçısı yəni hüquqşünas olmağa qərar verdim. Bunun üçün çox çalışdım, həm bir şəxsiyyət olmaq, həm dünyagörüşümü inkişaf etdirmək üçün mütəmadi olaraq dərsdən əlavə mütaliə edir, bədii kitablar oxuyurdum. Düşünürəm ki, şagirdlər yalnız dərslərini çalışmaqla kifayətlənməməli, həmçinin özlərini inkişaf etdirməlidirlər. Hüquqşünaslıq ixtisasına qəbul olduğumu öyrəndiyim an çox sevindim, bu sevinci bütün şagirdlərə arzu edirəm.”


Açar sözlər: ,  ,  ,