Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi olan “Robotexnika ilə gələcəyimizi dəyişək” layihəsinin açılış tədbiri keçirilib.
Gəncə Şəhər Təhsil İdarəsində keçirilən açılış tədbirində şəhərin 44 məktəbinin ibtidai sinif və informatika müəllimləri iştirak ediblər.
Layihə rəhbəri Günay Bayramova layihənin əsas məqsədinin robototexnika sahəsinə marağın artırılması, inkişaf etdirilməsi üçün müəllimlərin bilik və bacarıqlarının artırılması, şagirdlərin bu istiqamətdə bacarıqlarının formalaşmasında maarifləndirmə işlərinin aparılması olduğunu vurğulayıb. O, layihə çərçivəsində keçiriləcək təlimlərin müəllimlər üçün faydalı olacağından və dolayısı yolla şagirdlərin də faydalanacağından və bu da şagirdlərin elm və texnologiyalara olan marağını artıracağını şagirdlərdə mühəndislik qabiliyyətinin inkişaf edəcəyini söyləyib.
Təlimçi Şahin Muradlı bildirib ki, robotiks təlimi zamanı müəllimlər sadə və daha mürəkkəb strukturlu robotları yığacaq və yığdıqları robotları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrənəcəklər. Robotları “canlandırmaq” üçün onlar proqramlaşdımanın əsas anlayışlarını öyrənəcək və proqram təminatı vasitəsi ilə biliklərini istifadə edəcək. Bunun üçün sensorlarla işləyəcək, hərəkət, təkrarlanma, gözləmə, səs, işıq və digər bloklarla tanış olacaqlar. Proqramalaşdırma və istifadə edilən fərqli detalların köməkliyi ilə qurulan robotlar sonda bir sıra asan, orta və çətin səviyyəli missiyalar edəcək, bununla da şagirdlər sensorlar və proqramlaşdırmanın real həyatdakı tətbiqi ilə yaxından tanış olacaqlar.
Sonda təlimdə iştirak etmək istəyən müəllimlərin müraciətləri qeydə alınıb, seçim mərhələsinə start verilib.