Gəncə Şəhər İcra Hakimiyyətinin iclas zalında 2018-2019-cu tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu il ali məktəblərə yüksək balla daxil olan məzunları mükafatlandırılıb. Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, UTECA-nın rektoru, professor Akif Süleymanov, GDU-nun rektoru, professor Yusif Yusibov, ictimaiyyət nümayəndələri, müəllim və məzunlar iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2018-2019-cu tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin baççısı Niyazi Bayramov ali məktəblərə yüksək bal toplayaraq qəbul olan məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2018-2019-cu tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 44 tam orta, 1 ümumi orta və 1 xüsusi məktəb fəaliyyət göstərir. 2018-2019-cu tədris ilinin məzunlarından 2033 nəfəri ali məktəblərə sənəd təqdim edib ki, onların da 58,63%-i ali məktəblərə qəbul olub. Ali məktəblərə qəbul olanların 248 nəfəri 500-dən, 79 nəfəri 600-dən, 11 nəfər isə 650-dən yuxarı bal toplayıb.
Tədbirdə tələbə adını qazananlar və onların valideynləri də çıxış ediblər.
Sonda bu il şəhər üzrə yüksək bal toplayan 11 nəfər tələbəyə hədiyyələr təqdim olunub.