Yeni dərs ilində iki məktəb binası şagirdlərin istifadəsinə verilib
Sentyabrın 16-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə artıq yeni dərs ili başlayır. Dərs ilinin başlanması ilə əlaqədar bir çox yeni məktəb binaları tikilərək şagirdlərin istifadəsinə verilib.
Şagirdlərin standartlara uyğun, yüksək maddi-texniki bazaya sahib sinif otaqlarında təhsil alması onların inkişafı üçün vacib amillərdəndir.
Gəncə şəhərində 2019-2020-ci tədris ili üçün N.Aydın adına 18 nömrəli tam orta məktəb binası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib.
Yeni məktəb binasında 51 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otağı, hərbi hazırlıq otağı, idman, akt zalları, kitabxana, müəllimlər otağı, eləcə də tibb otağı, mətbəx və yeməkxana var. Məktəb zəruri inventar və avadanlıqlarla təchiz edilib. Həmçinin ərazidə süni ot örtüklü idman meydançası inşa edilib. Məktəb daimi istilik və su sistemi ilə təchiz olunub, əraziyə asfalt örtüyü salınıb, yaşıllıq zolağı yaradılıb.
Yeni dərs ilində həmçinin S.Vəliyev adına 34 nömrəli məktəbin də açılışı olub.
1984-cü ildə inşa olunan məktəb binasında bu ilin may ayından əsaslı təmir işləri həyata keçirilib. 640 şagird yerlik məktəbdə zəruri avadanlıqla təchiz edilmiş 36 sinif otağı, laboratoriya, əmək, linqafon otaqları, informatika kabineti, hərbi hazırlıq kabineti, eləcə də məktəbəqədər sinif otağı fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, hər iki məktəb Heydər Əliyev fondunun təşşəbüsü ilə əsaslı təmir edilərək, şagirdlərin istifadəsinə verilib.