15.10.2019

“Narkomaniyaya “yox” deyək!” adlı tədbir keçirilib

Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə “Narkomaniyaya “yox” deyək!” adlı tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov, Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polkovnik leytenant Babək Sadıqov, Şəhər İcra Hakimiyyəti, Təhsil İdarəsinin nümayəndələri müəllim və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.

Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Sonda “Narkomaniyaya “yox” deyək!” adlı video çarx nümayiş olunur. Tədbir məktəblilərin sual-cavabları ilə sona çatır.


Açar sözlər: ,  ,