Noyabrın 16-da “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya sona çatıb.
Noyabrın 13-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Gəncə şəhər ümumtəhsil məktəblərindən 40 nəfərlik şagird qrupu şimal bölgəsinə yola düşüblər.
Gəncə məktəbliləri Quba-Qusar-Xaçmaz bölgəsində səfərdə olduqları müddətdə Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq emalatxanası, Cümə məscidi, Tağlı körpü, Qusar şəhərinin görməli yerlərini gəzib, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olublar. Bundan başqa məktəblilər Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi”nə, Çənlibel parkına, xalça muzeyinə də ekskursiya ediblər.
Şagirdlər həmçinin Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, parklar, həmin rayonların görməli yerləri ilə yaxından tanış olublar. Məktəbliləri həmçinin "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Quba şəhərində keçirilən məktəblilərarası “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışmasında iştirak edərək I yerə layiq görülüblər.
Aksiyanın əsas məqsədi gələcək nəslə ölkəmizin tarixi irsini, mədəniyyətini, milli adət-ənənələrini, vətənpərvərlik ruhunu aşılamaq, müstəqillik illərində əldə olunmuş nailiyyətlərimizi dərindən öyrətmək, onların dünyagörüşünün daha da zənginləşdirilməsindən ibarətdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə yuxarı sinif şagirdləri üçün ildə iki dəfə təşkil edilir.