Gəncə şəhər ümumtəhsil məktəblərində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Tədbirlərdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumatlar verilib.
Bəzi məktəblərdə mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlimlər keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.