Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə Anar Qədiməliyev təyin edilib. O, bu təyinata kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Qədiməliyev Anar Yusif oğlu 31 oktyabr 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə həmin ixtisas üzrə magistr təhsilini alıb. 2013-2014-cü illərdə Azərbaycan respublikası Xaricdə Təhsil Dövlət Proqramı və ABŞ-ın Fulbright Tələbə Proqramını qazanaraq Florida Universitetində magistr təhsilini davam etdirib.
2005-2013-cü illərdə maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışıb, 2015-ci ildən Təhsil Nazirliyində Dünya Bankının Təhsil sektorunun İnkişafı üzrə II layihəsində milli məsləhətçi kimi xidmət göstərib. 2016-2017-ci illərdə isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Keyfiyyətə nəzarət və Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.
2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası təhsil nazirinin 2018-ci il 1 oktyabr tarixli əmri ilə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası təhsil nazirinin 14.07.2020-ci il tarixli, 01-9-141/17 nömrəli əmri ilə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.