Gəncə şəhər 21 nömrəli tam orta məktəbin məzunu Tomris İskəndərova buraxılış imtahanı nəticələrinə əsasən 277 bal toplayıb.
Tomris FLEX programının 19 finalistindən biridir. O, növbəti tədris ilində Amerika Birləşmiş Ştatlarında 1 illik təcrübə keçmək imkanı qazanıb.
Tomrisin uğurları bununla bitmir belə ki, məzunumuz 2016-cı ildə Goi Peace Foundation tərəfindən keçirilən beynəlxalq esse yarışmasından fərqlənmə sertifikatı əldə edib, ingilis dili səviyyəsinin müəyyən edilməsi üçün verilən imtahanda B1 nəticəsi əldə edib. WiSci- Women in Science (Qadınlar elmdə) 2 həftəlik STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) qızlar üçün yay kampında iştirak edib. O, həmçinin 2018-ci ildə Amerika Səfirliyinin təşkil etdiyi İsmayıllı rayonunda keçirilən 1 həftəlik yay kampında da iştirak edib.
Dövlət İdarəetmə Akademiyasının Beynəlxalq münasibətlər fakültəsində təhsil alıb Vətəninə layiqli bir vətəndaş olmağı arzulayan Tomrisin gələcəyə dair fikirləri aydın və parlaqdır. “2020-ci ildə imtahan verməli olan hər bir abituriyent kimi mən də çox böyük çətinliklər çəkdim. Həm öyrəşdiyimizdən çox fərqli bir təhsil formasına bir anda adaptasiya olmalı, həm də mövcud vəziyyətdə özümüzü qorumalı, digər bir tərəfdən isə dərslərimizlə məşğul olmalı idik. Bütün bu çətinliklərin üzərinə hər gün yeni bir xəbər alır, hər gün görəsən “imtahan sabahdırmı?” həyəcanı içində idik. Normal şəraitdə aylar öncə bitməli olan dərslərin də uzanması ilə artıq hər kəsdə həm fiziki, həm də psixoloji yorğunluq özünü göstərirdi. Nəhayət ki, imtahanları verdik. Hər kəs əlindən gələnin ən yaxşısını etdi. Mən isə ayların, hətta illərin əziyyətinin qarşılığı olaraq istədiyim nəticəni əldə etdim. Müəllimlərimə və üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm.”