Gəncə şəhər Təhsil İdarəsinin (GŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində ilk dərs günü keçirilib.
Yeni dərs ilinin başlanması ilə əlaqədar qaydalara uyğun olaraq ibtidai sinif şagirdlərinin əvvəlcə temperaturu ölçülüb, bunun ardınca məktəblərin həyətində nəzərdə tutulmuş yerlərdə dayanıblar. Daha sonra müəllimlərin iştirakı ilə onlar ara məsafəsinin gözlənilməsi şərti ilə sinif otaqlarına daxil olublar.
Məlumat üçün bildirək ki, yeni tədris ilində GŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 47115 şagird təhsil alacaq. Bununla belə birinci sinif üzrə 4431 nəfər I sinif şagirdindən 3448 nəfəri azərbaycan bölməsi, 983 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Məktəbəhazırlıq qruplarında isə 3173 şagirddən 2508 nəfəri azərbaycan bölməsi, 665 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq.
Təhsil nazirinin əmrinə əsasən ilk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.