Təcavüzkar Ermənistan silahlı birləşmələrinin oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəz hissəsində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla 35 nəfər yaralanıb. Yaralananlardan 10 nəfəri məktəblidir. Gəncə şəhər Təhsil İdarəsinin rəhbərliyi tərəfindən yaralı məktəblilər ziyarət edilib, onlarla söhbət aparıb. Bildirilib ki, Gəncə şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqların iştirakı ilə xəsarət alan, hadisə nəticəsində bu və ya digər formada zərər görər şagird və valideynlər üçün görüşlər keçiriləcək. Həmin görüşlərdə travma ilə bağlı problemlər dinləniləcək, psixoloji konsultasiyalar keçiriləcək.
Zərərçəkənlərdən 32 nömrəli tam orta məktəbin şagirdi Murad Cavadov həmin hadisələri xatırladığını bildirdi. “Hadisə baş verərkən mən yatırdım, daha sonra şiddətli səsə oyandım. Anam yanımda idi mənə sakitləşməyimi və qorxmamağımı söylədi. Daha sonra digər otaqdan atam gəldi o, da xəsarət almışdı. Ancaq buna baxmayaraq tək istəyi bizi hadisə baş verən yerdən uzaqlaşdırmaq idi.”
Həmin məktəbin IV sinif şagirdi Rauf isə o günü belə xatırlayır. “Möhkəm səs eşitdim, birdən yuxudan oyandım balaca bacım yanımda idi. O ikinci sinif şagirdidir. Qorxduğu gözlərindən hiss olunurdu, hər tərəf toz idi. Anamın səsi gəlirdi, o bizi axtarır tez evdən çıxarmağa çalışırdı. Bütün əşyalarımız məhv olmuşdu, geyimlərimizi belə tapa bilmirdik.”
Gəncə şəhər 20 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sevil Əliyeva və 32 nömrəli tam orta məkrəbin III sinif şagirdi Hüseyn Əliyev isə həmin hadisə nəticəsində hər iki valideynlərini itiriblər. Sevil bildirir ki, divarlar, iri daş parçaları üzərimə aşdı. Atamın səsini eşitdim. Bir neçə dəfə məni və anamı çağırdı. Sonra səs kəsildi. Mən o an anamın öldüyünü anladım. Amma düşündüm ki, atam sağdır. Atamın ölə biləcəyinə inana bilmirəm. Onu həmişə güclü görmüşəm.
Məlumat üçün bildirək ki, Gəncə şəhərinə atılan raket atəşi nəticəsində ümumillikdə 15 şagird xəsarət alıb.