13.11.2020

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident təqaüdçüsü olan məzunumuzu qəbul edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident təqaüdünə layiq görülən 31 nömrəli tam orta məktəbin məzunu Əli Quluyevi qəbul edib.

Şəhər rəhbəri 683 balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olan Əli Quliyevi 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü və əldə etdiyi uğurlu nəticələrə görə təbrik edib. Həyatını nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunmasına həsr etdiyi üçün onu təqdir etdiyini bildirən Niyazi Bayramov, Əli Quliyevə gələcək həyatında uğurlar arzu edib.

COVİD-19 pandemiyası ilə əlaqədar dərslərin onlayn qaydada keçirildiyi nəzərə alınaraq, Əlinin tədris prosesində maneəsiz iştirakını təmin etmək üçün ona komputer hədiyyə edilib.

Məlumat üçün bildirək ki, Əli Quliyev Gəncə şəhər 31 nömrəli tam orta məktəbi “Xüsusi nümunəvi attestat” və qızıl medalla bitirib. O, 2020-2021-ci tədris ilində Azərbaycan Resublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Resublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.


Açar sözlər: ,  ,  ,