28.12.2020

Eksternat qaydasında aralıq imtahanları keçirilib

Dekabrın 25 və 26-sı tarixlərində əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları keçirilib.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə və sosial izolyasiya qaydalarına uyğun olaraq imtahanlar şifahi müsahibə şəklində həyata keçirilib. Buna uyğun olaraq eksternat qaydasında aralıq imtahanları onlayn formada (şifahi) təşkil olunmuşdur.

Eksternat qaydasında attestat əldə etmək üçün elektron formada müraciət etmiş namizədlərə yarana biləcək texniki problemlərin qarşısını almaq məqsədilə ilkin olaraq təlimatlandırma aparılmış və müvafiq addımlar atılmışdır.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. İmtahanda iştirak edənlərə Azərbaycan bölməsi üzrə 11, Rus bölməsi üzrə isə 12 fənndən suallar ünvanlanıb. Eksternat qaydasında aralıq imtahanına komissiya üzvləri olaraq Gəncə şəhər Təhsil İdarəsinin əməkdaşları və GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan qabaqcıl müəllimlər cəlb olunublar.

Eksternat qaydasında aralıq imtahanında ümumillikdə 45 nəfər iştirak edib. Onlardan 23 nəfəri tam orta (XI), 22 nəfər isə ümumi orta (IX) səviyyəsi üzrə imtahanlara qatılıb. Ümumi təhsil məktəblərini ümumi orta (IX) səviyyəsinə uyğun olaraq azərbaycan bölməsi üzrə 14, rus bölməsi üzrə 8 nəfər , ümumi təhsil məktəblərini tam orta (IX) səviyyəsi üzrə isə azərbaycan bölməsi üzrə 18, rus bölməsi üzrə isə 5 nəfər iştirak edib.

Məlumat üçün qeyd edək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.


Açar sözlər: ,  ,  ,