09.02.2021

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin qəhrəman müəllimləri

Vətən müharibəsində Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 15 nəfər təhsil işçisi iştirak etmişdir. Onlardan M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov və M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov ən ali zirvə olan Şəhidlik zirvəsinə yüksəlmişlər. 13 nəfər qəhrəman təhsil işçisi isə müharibədən geri dönmüş, əsl igidliyi öz əməlləri ilə göstərərək şagirdlər üçün əsl vətənpərvərlik nümunəsi olaraq işlərini davam etdirirlər.

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini daşıyan Vasif Məmmədov 3 ildir ki, həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olur. Vasif müəllim Vətən müharibəsində iştirak edən dəyərli təhsil işçilərindəndir. O, şəxsi igidlik və şücaət göstərdiyinə görə "Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Həmin məktəbin fiziki tərbiyə müəllimi Taleh Məmmədov 2009-cu ildən İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə fiziki-tərbiyə fənn müəllimi olaraq çalışır. Vətən müharibəsi başlanan dövrdə çağırışçı olaraq ordu sıralarında əzəli torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir.  Vasif müəllim bildirir ki, şagirdlərinə hər zaman hər bir sahədə mərd, qorxmaz olmağı, vətənini ən uca zirvələrdən daha uca sevməyi aşılayıb. Elə bu xüsusiyyətləri onun özü Vətən müharibəsi dövründə əsl qəhrəmanlıqla həyata keçirib.

Məlumat üçün qeyd edək ki, Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyi tərəfindən mütəmadi olaraq Vətən müharibəsində iştirak etmiş, təhsil işçiləri ilə görüşlər keçirilir.


Açar sözlər: ,