Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə yiyələnmələri məqsədi ilə keçirilən “Qarabağ Azərbaycandır” mövzusunda esse yazı və referat müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Esse yazı müsabiqəsinə V-IX sinif şagirdləri tərəfindən Azərbaycan dili üzrə 123 yazı nümunəsi, , ingilis dili üzrə isə VII-IX sinif şagirdləri tərəfindən 73 yazı nümunəsi göndərilib. Göndərilən yazı nümunələrindən Azərbaycan dili üzrə I yerə M.Ş.Vazeh adına 16 nömrəli məktəbin VI sinif şagirdi Şərqiyyə Əliyeva, ingilis dili üzrə isə I yerə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Nəzakət Məmmədli və fizika, riyaziyyat və informatika təmayüllü 26 nömrəli məktəb-liseyin VI sinif şagirdi Aysu Bayramova layiq görülüblər.
IX-XI sinifləri əhatə edən referat yazı müsabiqəsinə isə 28 yazı nümunəsi göndərilib ki, həmin nümunələrdən I yerə Gəncə şəhər 33 nömrəli tam orta məktəbin XI sinif şagirdi Vəfa Abbasova tərəfindən təqdim edilən yazı nümunəsi layiq görülüb.