Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə qalib olan “Könüllü STEAMçi” layihəsi yekunlaşıb.
Layihənin məqsədi şagirdlərin əldə etdikləri nəzəri bilikləri gündəlik həyata tətbiq etmək bacarığını inkişaf etdirmək üçün müəllimlərin STEAM biliklərinə yiyələnərək məktəblərdə STEAM dərslərini tədris etməsidir.
Layihə çərçivəsində “STEAM təlim metodologiyaları”, “Dizayn və mühəndislik”, “Layihə əsaslı öyrənmə”, “3D CAD modelləşdirmə və çap” və “Mikrobit” adlı təlimlər keçirilib. Layihənin icra müddətində Gəncə şəhəri üzrə 20 tam orta məktəbin texniki və təbiət fənn üzrə 6-cı siniflərdə tədris edən 2 müəllimi könüllü olaraq seçilərək onlayn təşkil edilən müsahibədə iştirak ediblər. STEAM mütəxəssislərinin münsif kimi iştirak etdiyi müsahibədən müvafiq meyarlar əsasında keçən 20 nəfər texniki və təbiət fənnini tədris edən müəllim “Könüllü STEAMçi” təlimində iştirak etmək hüququ qazanıb. Daha sonra müəllimlər üçün 10 təlim icra olunub. Təlimdə iştirak edən 20 müəllimin layihələrinin müdafiəsi yekun qiymətləndirmə kimi təlimçi ilə birlikdə distant şəkildə həyata keçirilib.