10.03.2021

Gəncə şəhər V.Əliyev adına 12  nömrəli tam orta məktəb və 26 nömrəli məktəb-lisey öz fəaliyyətini distant təhsil formasında davam etdirəcək

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən V.Əliyev adına 12  nömrəli tam orta məktəb və 26 nömrəli fizika, riyaziyyat informatika təmayüllü məktəb-liseydə dərslər distant təhsil formasında davam etdiriləcək.

Belə ki, V.Əliyev adına 12 nömrəli tam orta məktəbdə çalışan 1 nəfər müəllim, 2 nəfər texniki işçi və 1 nəfər şagirdin, 26 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseydə isə 2 nəfər müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.


Açar sözlər: ,  ,