11.03.2021

Torpaqlarımızın işğalı nəticəsində baş verənlər tariximizin unudulmaz səhifələridir

Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin TTİÜDM Aygün Zeynalova məktəbin 8a sinfində tarix dərsində "Torpaqlarımızın işğalı nəticəsində baş verənlər tariximizin unudulmaz səhifələridir!" mövzusunda çıxış edib və videoçarx nümayiş etdirilib. Aygün Zeynalova çıxışında bildirib ki,  Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb beynəlxalq və daxili şərait yarandı. Keçmiş SSRİ yeni qurum yaratmağa çalışır, qonşu xəyanətkar Ermənistan Azərbaycan ərazisində separatçılıq və işğalçılığı genişləndirirdi, daxildə hakimiyyət uğrunda mübarizə gedirdi. Beləliklə xalqımızın tarixində yeni dövr başlayırdı.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Beləliklə xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı.

Erməni hərbi hissələrinin Rusiya qoşununun köməyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumu genişlənmişdi. 1992-ci ilin fevralın 26-na keçən gecə ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması ilə qurtardı. Silahlı dəstələrə arxalanan erməni qüvvələrinin növbəti qurbanı Şuşa və Laçın oldu. Azərbaycan Respublikasına təzyiq göstərib onu MDB-nə qoşmaq, ordularını yenidən Azərbaycana yeritmək üçün Rusiya artıq açıqca erməni tərəfini dəstəkləməyə başlamışdı. Aprelin 3-də Kəlbəcər düşmən tərəfindən işğal olundu.

Xalq bütün ümidini iqtidarın hər vəchlə hakimiyyətdən uzaqlaşdırmağa çalışdığı Naxçıvan MR Ali Məclisinin sədri, dünyada ağıllı və tədbirli bir siyasətçi kimi tanınmış H.Əliyevə bağlamışdı.

Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti dahada ağırlaşdırdı. Ölkəmiz vətəndaş müharibəsinə sürükləndi. H.Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyası manevrlər etdi. 1993-cü il iyunun 15-də H.Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.​ 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ ​ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Bugünkü gündə isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Açar sözlər: ,