Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasına malik olan Azərbaycan Cənubi Qafqaz geosiyasi məkanında və regionda bir sıra qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və moderatoru rolunda aparıcı dövlət kimi çıxış edir. Regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, həyata keçirilən enerji layihələrini xüsusi qeyd etmək lazımdır. Ölkəmiz “Əsrin kontraktı” layihəsi çərçivəsində bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Bu layihənin ərsəyə gəlməsində həm siyasi dəstək, həm də investisiya təminatı baxımından mühüm rol oynayır. “Əsrin kontraktı” ilə təməli qoyulan yeni neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən etibarlı tərəfdaşa çevrilib.
Digər tərəfdən, Azərbaycan artıq bu gün heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayaraq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir. Belə ki, dövlətimizin xarici siyasət kursunun nəticələri beynəlxalq miqyasda təqdir olunur. Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional miqyaslı və böyük strateji layihələr reallaşdırılır, dövlətimiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir.
Regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan Avropa üçün çox böyük əhəmiyyət kəsb edir. Həm regionda, həm də bütün dünyada sülhün və sabitliyin təmin olunması, təhlükə və təhdidlərə qarşı əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı bir cəbhədən çıxış etmək üçün Azərbaycan Avropaya lazımdır. Öz coğrafi mövqeyinə görə, tarixi-mədəni ənənələrinə görə Azərbaycan Avropanın strateji partnyorudur.
Müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləşdiyi məkan kimi, Şərqlə Qərb arasında nəqliyyat dəhlizinin, qlobal təhlükəsizliyinin təşkili üçün Azərbaycan Avropaya lazımdır. Digər tərəfdən bölgədə demokratik Avropa dəyərlərinin ilk davamçısı, yüksək sivilizasiya və mədəniyyətə malik olması və s. yalnız bizim üçün deyil, Avropa üçün də regionun dinamik inkişaf lideri sayılan ölkəmizlə çoxşaxəli əməkdaşlıqda maraqlı edir.