Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP Azərbaycanın yeni siyasi və iqtisadi kursunu müəyyənləşdirdi, strateji hədəflərə çatmaq üçün cəmiyyətin inkişafında bütün mexanizmlərin işləməsinə şərait yaratdı, xalqın potensialından səmərəli istifadə edərək əsas prioritetləri müəyyən etdi, iqtisadiyyatda, dövlət quruculuğunda, cəmiyyətdə demokratik prinsiplərin tam qətiyyətlə həyata keçirilməsinə nail oldu. Dövlət quruculuğunun bütün sahələrində islahatlar keçirildi, respublikamız demokratiya, bazar iqtisadiyyatı yolu ilə daha sürətlə irəli addımladı.
Tarix boyu xalqımızın dahi rəhbərləri, siyasi xadimləri, sərkərdələri olub xalqın içərisindən çıxıb. Belə ruhlu insanlar Heydər Əliyevin ətrafında toplaşaraq, ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verdilər. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik təcrübəsi sayəsində Azərbaycan məhvolma təhlükəsindən xilas edildi, ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu. Azərbaycanın müdrik rəhbəri ordu quruculuğuna xüsusi önəm verərək, bu sahədə islahatları sürətlə və müasir tələblər səviyyəsində həyata keçirdi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması diqqətdə saxlanıldı, ordu sıralarında xidmət keçən gənclər mətinlik məktəbi keçdi, ən müasir silahlardan istifadə etməyi yüksək səviyyədə mənimsədi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı, ictimaiyyətimizdə milli həmrəylik, vətəndaş həmrəyliyi günü- gündən inkişaf etdi, möhkəmləndi, bütün sahələrdə sıx əməkdaşlığa yer verildi, hər şey saf, təmiz mənəviyyət üzərində qurulmağa başladı.
Azərbaycan Respublikası məcburən cəlb edildiyi müharibənin ağır nəticələrinə, respublika ərazisinin 20%-dən çoxunun işğal edilməsinə və bir milyondan çox azərbaycanlının doğma torpaqlarından qovulmasına, qaçqın vəziyyətinə düşməsinə baxmayaraq, həmişə Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə, siyasi yolla humanist addımlarla aradan qaldırılmasının tərəfdarı olmuşdur.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq standartlara uyğun müasir, güclü dövlətə çevrildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun zəfər yürüşü nəticəsində 30 il Ermənistanın tapdağı altında qalan Qarabağımız 44 gün ərzində işğaldan azad edildi. Otuz illik vətən həsrətinə son qoyuldu.
İslahatlar davamlı olaraq aparıldı və Azərbaycan islahatlar aparan ölkəyə çevrildi, beynəlxalq arenada mövqeyini cəsarətlə bildirən, dünyəvi əhəmiyyətə malik olan dəyərlərin qorunub saxlanılması prizmasından çıxış edən, multikultural mədəniyyətin təbliğatçısına, insan resurslarını güclü elmi mexanizmə çevirən, qloballaşan dünya ilə ayaqlaşan nümunəvi ölkə modelinə imza atdı. Xalq iqtidar birliyi Azərbaycan xalqını sıx birləşdirdi.
Keçmişin xoşagəlməz prosesləri , müstəqilliyimizin ilk illərinin bərbad mənzərəsi bizi hər zaman düşünməyə, müqayisəvi formatda siyasi dialoqun formalaşdırılmasına, iqtisadi azadlıqların bərqərar olmasına, siyasi sistemin təkmilləşməsinə, acı təcrübənin dərin analizinə, ikili standartların amansız təsirlərinə qarşı güclü potensiyalımızın inkişaf etdirilməsinə, ölkəmizin gələcək inkişafı naminə fədakarcasına çalışmağımıza çağırır.