05.05.2021

Qalib xalqın şanlı ordusu

Prezident cənab İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi. Amma bunun əksinə olaraq Ermənistan rəhbərliyinin Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi münaqişənin hərbi yolla həll olunmasından başqa variantının olmadığını ortaya qoydu. Bu sözlərin cavabını cənab Prezident Soçidə keçirilən “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının Plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə verdi. Əslində Ermənistan rəhbərliyinin cənab Prezident İlham Əliyevin qarşısında çarəsiz duruma düşməsi birinci dəfə deyildi. Münhen şəhərində baş tutan debat zamanı İlham Əliyev bütün dünyanın gözü qarşısında Nikol Paşinyana tarix və siyasət dərsi vermişdi.

44 gün ərzində isə bu dərsi Şanlı Ordumuz tarix yazaraq verdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar  gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışır. Azərbaycanın  əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Bu yeni nəsil müharibə üsulu idi.

Torpaqlarımızın işğal altında olduğu bu illər boyu, xalqımız bir anda olsa mövcud vəziyyətlə barışmamışdır. Beynəlxalq vasitəçilərin sözdə Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, erməni işğalçılarına əməldə heç bir təsir göstərməmişlər. Hörmətli prezidentimiz bütün beynəlxalq görüşlərdə Azərbaycan xalqının işğalla heç cür barışmayacağını, lazım gələrsə silah gücünə torpaqlarımızı azad edəcəyini dəfələrlə vurğulamışdı.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir və güclü ordu yaradıldı.

Azərbaycan iqtisadi qüdrəti olan bir dövlət kimi , həm də güclü orduya malikdir. Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən isə əsgər və zabidlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, düşmənə qarşı eyni əqidə ilə yumruq kimi birləşərək mübarizə aparmasıdır. Məhz bu birlik sayəsində rəşadətli Azərbaycan ordusu hədəfinə çatmağı bacardı, böyük qələbəyə imza atdı.    2020-ci sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bu möhtəşəm qalibiyyəti dünyaya səs saldı.

Qısa müddət ərzində zəfər çalan Azərbaycan ordusu, həmdə yüksək peşəkarlığa malikdir. Bu peşəkarlıq sayəsində Qarabağımızın incisi sayılan Şuşa şəhəri mənfur düşmən tapdağından azad edildi. Qayalıqlara dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olan Azərbaycan ordusu hərb tarixində bir möcüzəyə imza atmış oldu. Düşmənin ordusunu gözlənilməz əks-hücumu qarşısında gücsüzlüyünü təsəvvür etmək o qədər də çətin deyil. İllərlə özlərini bir yalana inandıran düşmən belə bir gücün, qətiyyətin qarşısında aciz qaldı. İkinci Qarabağ müharibəsi Azərbaycan ordusunun yeni təcrübə qazanması üçün də real şərait yaratdı. Bu təcrübə dünya ölkələrinin də marağına səbəb oldu. Artıq ölkələr Azərbaycan ordusunun sücayətindən danışır.

 

 

Bildiyimiz kimi strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhval ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi bütövlüyümüzü bərpa etməyimizə səbəb oldu. Böyük Qələbənin əldə olunmasında bütün qoşun növlərinin öz xidmətləri vardır. 44 gün ərzində ərazilərimizin işğaldan azad olunmasında xüsusi təyinatlı qüvvələrin əvəzsiz xidmətləri olmuşdur. Aviasiya və pilotsuz uçuş aparatlarından səmərəli istifadə isə itgilərimizin minumuma endirilməsinə səbəb olmuşdur. Döyüş əməliyyatlarında Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlıqları haqqında hər gün yeni-yeni faktlar oxuyuruq. Ordumuzun 400 nəfərlik rəşadətli xüsusi təyinatlı qüvvələri Şuşada möhkəmləndirilmiş 3000 dən çox erməni döyüşçüsünün  bir hissəsini məhf etmiş, qalan hissələrini isə qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşa Rəşadətli Azərbaycan Ordusu tərəfindən bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük ziyan vurmadan azad edildi. Tarixdən xatırlayırıq ki, Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə Şuşa şəhərini 33 gün müddətində mühasirədə saxlasa da şəhərə daxil ola bilməmişdir.

44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür işğaldan azad olunan hər qarış torpağın uğrunda itgilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Cənab Prezident İlham Əliyevin dediyi kimi xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi.Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış məntəqəsini və  8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da “Dəmir yumruq” əməliyyatı sona çatdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət  bərpa olundu. Bəli, şanlı ordumuz Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü demiş xalqıq. Qisas qiyamətə qalmaz demişdir atalarımız. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. Döyüş meydanında Xocalı qatillərini məhv etdi.Beləliklə xalqımızın qəhrəman övladlarının misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində qələbəni qısa müddətdə təmin etdik. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabırın 8-i “Zəfər Günü” kimi dövlətimiz və xalqımız tərəfindən təntənəli şəkildə qeyd ediləcək.


Açar sözlər: ,