2020-2021-ci tədris ilində Gəncə ŞəhərTəhsil İdarəsi tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin artırılması məqsdilə məqsədyönlü işlər görülüb.
Tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin qərarlarına və Təhsil Nazirliyin metodiki göstərişlərinə uyğun olaraq təşkil vəziyyətinin öyrənilib, maarifləndirmə işlərinin aparılması barədə müvafiq təkliflər verilib. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, yayılması istiqamətində həyata keçirilən tədbirlər, metodiki işin təşkili, məktəbdaxili nəzarətin və şagird nailiyyətlərinin qiymətləndirilməsi, fənn müəllimlərinə, məktəb rəhbərlərinə işdəki mövcud nöqsanların aradan qaldırılması ilə bağlı metodiki köməklik göstərilib. Tədris ili ərzində mütəmadi olaraq monitorinqlər həyata keçirilib. . Bundan başqa tədrisin distant formada həyata keçirildiyi dövrdə GŞTİ-nin əməkdaşları tərəfindən dərslər izlənilmiş, müvafiq statistik məlumatlar hazırlanmış, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər görülüb.
Ümumi statistika
GŞTİ-nin tabeliyində 44 ümumi təhsil məktəbi, 1 xüsusi tam orta məktəb və bir Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
2020-2021-ci tədris ilində GŞTİ-nin tabeliyindəki məktəblərdə 46990 şagirdin təlim-tərbiyəsi ilə 3523 müəllim məşğul olub. GŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində şagirdlərin sayı 17 688, V-IX siniflərində 20 614, X-XI siniflərdə isə 5511 nəfər şagird təhsil alıb. Ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında 3173 şagird təhsilə cəlb edilib.
4374 uşaq birinci sinfə elektron qeydiyyatdan keçib
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I siniflərinə 4374 uşaq elektron sistem vasitəsilə qəbul edilib.
Yeni tədris ili yeni tikilən məktəb binasını açılışı ilə başlandı
Yeni tədris ilinin ilk günündə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil naziri Emin Əmrullayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak edib.
Yeni tikilmiş məktəb 1170 şagird yerlikdir. Məktəbdə 45 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabinetləri, kitabxana, komputer zalı, yeməkxana da fəaliyyət göstərir.
Tədrisin qaydalara uyğun təşkili ilə bağlı monitorinqlər
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədris və təlim-tərbiyə prosesini sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkili nəzarətdə saxlanılıb.
Monitorinqlər zamanı məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verilib.
Yeni tədris ilinin ilk uğuru
"Fibonacci" intellektual yarışında Gəncə şəhərindən 17 ümumtəhsil məktəbdən 29 komanda olmaqla, 209 nəfər şagird iştirak edib.
Yarışın son nəticələrinə əsassən ilk üçlükdə Gəncə şəhər ümumtəhsil məktəbləri qərarlaşıb. Belə ki, I yerə İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin “Humanoids” komandası, II yerə 32 nömrəli tam orta məktəbin “Tesla” komandası, III yerə isə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin “Vətənpərvərlər” komandası layiq görülüb.
Tədris ili beynəlxalq olimpiada uğurları ilə davam edib
Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov Beynəlxalq İnformatika Olimpiadasında bürünc medala layiq görülüb.
87 ölkə və 343 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz ADA Universitetindən virtual formatda qoşulublar.
3178 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub
GŞTİ-nin tabeliyində fəaliyyət göstərən 44 ümumi təhsil müəssisəsində 162 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarında 3178 uşaq məşğələlərə cəlb olunub.
Vətən müharibəsi dövründə Gəncə təhsilində görülən işlər
27 sentyabr 2020-ci il tarixdən başlanan II Qarabağ müharibəsi dövründə Gəncə şəhəri 4 dəfə raket atəşinə məruz qalmışdır. Həmin hadisələrdə 4 nəfər şagirdimiz həlak olub, bəziləri isə xəsarət almışdı. İdarə rəhbərliyi tərəfindən yaralananların ilkin tibbi yardım aldıqları xəstəxanalarda ziyarət edilib. Daha sonra onlar evlərində ziyarət edilib, müxtəlif yardımlar göstərilmişdir. Həmçinin ehtiyacı olan bəzi şagirdlərin dərslərə qoşulması üçün onlara notbuk və kompüterlər təqdim edilib. Raket atəşi nəticəsində yaranan psixoloji təsiri və həmin neqativləri aradan qaldırmaq üçün zərərçəkənlərə psixoloji yardım göstərilmişdir. Vətən müharibəsi dövründə 2 nəfər müəllim Şəhidlik zirvəsinə ucalmışdır. Onlar Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov və M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov idi. Şəhid müəllimlərin ailələrinə daim diqqət və qayğı göstərilir, mütəmadi olaraq idarə rəhbərliyi tərəfindən ziyarət edilir.
Orduya dəstək aksiyası həyata keçirilib
Gəncə şəhər Təhsil İdarəsinin (GŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri kollektivləri Azərbaycan Ordusuna dəstək aksiyası həyata keçirib.
Təhsil İdarəsinin tabeliyindəki məktəblərin pedaqoji heyəti, şagird və valideynlərin təşəbbüsü ilə işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə dəstək göstərilib.
Bundan başqa GŞTİ və Azad Həmkarlar Təşkilatının birgə təşəbbüsü ilə GŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən səfərbərliklə əlaqədar ordu sıralarında xidmət edənlərin hesabına birdəfəlik 300 AZN məbləğində ödəniş edilib.
Sağlamlıq imkanları məhdud 55 şagirdə komputer təqdim edilib
Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən sağlamlıq imkanları məhdud 55 şagirdə komputer təqdim edilib.
Şagidlərə komputerlərin verilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, onların cəmiyyətə adaptasiya olması, yeniləşən təhsil mühitindən maksimum dərəcədə istifadə edə bilməsidir.
GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və digər təhsil işçiləri Qələbə Gününü qeyd ediblər
Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) rəhbərliyi, idarə əməkdaşları, GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və digər təhsil işçiləri Qələbə Gününü qeyd ediblər.
Tədris ili ərzində mütəmadi olaraq onlayn görüşlər keçirilib
GŞTİ-nin rəhbərliyi tərəfindən tədris ili ərzində gənc müəllimlər, məktəb direktorları, gənclərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışan şəxslər, müxtəlif yarış və müsabiqələrdə qalib gəlmiş şagirdlər və məktəb direktorları ilə onlayn görüşlər keçirilib.
Qarabağ Azərbaycandır mövzusunda esse yazı və referat müsabiqəsi keçirilib
Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin şagirdlərinin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə yiyələnmələri məqsədi ilə “Qarabağ Azərbaycandır” mövzusunda esse yazı və referat müsabiqə keçirilib.
Esse yazı müsabiqəsi Azərbaycan dili üzrə V-IX sinif şagirdləri arasında, ingilis dili üzrə isə VII-IX sinif şagirdləri arasında keçirilib. Hər iki dil üzrə mövzular “Qarabağ Azərbaycandır!”, “Şanlı Azərbaycan əsgəri” və “Zəfər sənindir Azərbaycan əsgəri” mövzularında olub. Referat müsabiqəsi isə Azərbaycan dilində olmaqla IX-XI sinif şagirdləri arasında keçirilib.
Vətən müharibəsinin böyük zəfəri təhsil müəssisələrində qeyd edilib
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Vətən müharibəsinin şanlı zəfəri ilə əlaqədar onlayn tədbirlər təşkil olunub.
Onlayn tədbirlərdə ümumtəhsil məktəblərinin müəllimləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat veriblər.
Bundan başqa şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Xarici ölkələrdən gələn, lakin müvafiq təhsil sənədləri olmayan şagirdlərlə bağlı komissiya fəaliyyət göstərib
Azərbaycan Respublikasına xarici ölkələrdən gələn, I-XI siniflərdə oxuduğu iddia edilən, lakin müvafiq təhsil sənədləri olmayan və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda şagirdlərin hazırlıq səviyyələrinin həmin siniflərin təhsil proqramlarına uyğunluğunu müəyyənləşdirmək üçün komissiya müəyyənləşdirilib.
Həmin komissiya şagirdlərin hazırlıq səviyyələrinin yoxlanılmasını “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”na uyğun həyata keçirilib.
İnformatika fənni üzrə 12-ci Beynəlxalq payız turnirində növbəti uğur
Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turniri təşkil edilib. 17 ölkə və 403 iştirakçının yarışdığı turnir onlayn formada keçirilib.
Artıq ikinci dəfədir ki sözügedən yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bu turnirdə bürünc medal qazanıb.
Gəncə şəhər UGİM-nin dərnək üzvü "Xarıbülbül" adlı onlayn respublika şeir və mahnı müsabiqəsinində birinci yerə layiq görülüb
Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin Gənc musiqiçilər dərnəyinin üzvü Nazənin Həsənova Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq - gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən "Xarıbülbül" adlı onlayn respublika şeir və mahnı müsabiqəsinində birinci yerə layiq görülüb.
Bundan başqa Uşaq-Gənclər inkişaf Mərkəzinin digər üzvü Aylin Xudaverdiyeva şeir nominasiyası üzrə həvəsləndirici yerə layiq görülüb.
Eksternat qaydasında aralıq imtahanları keçirilib
Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları keçirilib.
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə və sosial izolyasiya qaydalarına uyğun olaraq imtahanlar şifahi müsahibə şəklində həyata keçirilib. Buna uyğun olaraq eksternat qaydasında aralıq imtahanları onlayn formada (şifahi) təşkil olunub.
Eksternat qaydasında aralıq imtahanında ümumillikdə 45 nəfər iştirak edib. Onlardan 23 nəfəri tam orta (XI), 22 nəfər isə ümumi orta (IX) səviyyəsi üzrə imtahanlara qatılıb. Ümumi təhsil məktəblərini ümumi orta (IX) səviyyəsinə uyğun olaraq azərbaycan bölməsi üzrə 14, rus bölməsi üzrə 8 nəfər , ümumi təhsil məktəblərini tam orta (IX) səviyyəsi üzrə isə azərbaycan bölməsi üzrə 18, rus bölməsi üzrə isə 5 nəfər iştirak edib.
İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib
Yanvarın 19-da Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr edilib.
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunan dərslərin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin aşılanması məqsədlərinə xidmət edir.
“Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs” müsabiqəsi keçirilib
Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən “Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs” müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdandan ibarətdir.
“Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs”lərin müəyyənləşdirilməsi üçün GŞTİ tərəfindən müvafiq komissiya yaradılıb. Komissiya tərəfindən ümumtəhsil məktəbləri tərəfindən müəyyənləşdirilmiş dərsləri dinləyir, dərs prosesində fənn müəllimlərinin interaktiv alətlərdən və elektron resurslardan istifadəsi, şagirdlərin “Microsoft teams” platformasından tam qeydiyyatı, onların davamiyyəti və digər məsələlərə nəzarət edilib.
2 fevral - Gənclər günü münasibətilə görüş keçirilib
Fevralın 2-də Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Gənclər Günü münasibətilə idarənin əməkdaşları və gənc müəllimlərlə onlayn görüş keçirib.
Anar Qədiməliyev Gənclər günü münasibətilə gənc müəllimləri təbrik edib. Bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıb.
Tədbirdə müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə əldə edən 3 nəfər gənc müəllimə təşəkkürnamə təqdim edilməsi barədə məlumat verilib.
“Nə? Harada? Nə zaman?” intellektual yarışında yüksək nəticə əldə etmiş şagirdlərlə görüş keçirilib
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Nə? Harada? Nə zaman?” intellektual yarışında yüksək nəticə əldə etmiş şagirdlərlə görüş keçirib.
Görüşdə şagirdlər komandalar barədə məlumat verərək, keçirilən yarış haqqında fikirlərini bildiriblər. A.Qədiməliyev öz növbəsində şagirdlərə uğurlar arzulayıb, bu və digər formada keçirilən bilik yarışlarında mütəmadi iştirakın vacibliyini vurğulayıb.
Məlumat üçün bildirək ki, “Nə? Harada? Nə zaman?” intellektual yarışında Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət ümumtəhsil məktəblərindən 23 komanda iştirak edir.
Respublika fənn olimpiadalarının birinci - şəhər mərhələsində Gəncə şəhəri üzrə ümumillikdə 858 şagird iştirak edir
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakı ilə Respublika fənn olimpiadalarının birinci - şəhər mərhələsi keçirilib.
“Narkomaniya ümumbəşəri bəladır” və “Erkən nikahın qarşısının alınması mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Maarifləndirici tədbirlər çərçivəsində şagirdlər müxtəlif təqdimatlarla çıxış ediblər.
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib, ilk dərslər “Xocalı soyqırımı”na həsr edilib.
Tədbirlərdə Xocalı hadisələrinin tarixi barədə ətraflı məlumat verilib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Bu faciəni törətməkdə düşmənin əsas məqsədinin Azərbaycan xalqını sarsıtmaq, ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək olsa da, tam əksinin olduğunu və bu ağır faciənin xalqımızı daha da gücləndirdiyini, qəhrəman oğul və qızlarımızın müqəddəs Vətəni qorumaq naminə daha da mətinləşdiyini söyləyiblər..
Çıxış edənlər 29 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.
Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məlumatlandırıcı tədbirlər keçirilib
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məlumatlandırıcı tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.
"Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimində iştirak edən məktəblimiz
"Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimində iştirak edən Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinif şagirdi Rəsul Əliyevin təqdimatı yüksək qiymətləndirilib.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bugün Rəsulla görüşərək, onu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Məlumat üçün qeyd edək ki, Rəsul "mühəndislik" nominasiyası üzrə Polad Həşimovun xatirəsinə həsr edərək hazırladığı "Hashimov" robotu "Sabahın Alimləri" Respublika müsabiqəsi tərəfindən xüsusi mükafata layiq görülüb. "Hashimov" robotu hərbidə kəşfiyyət məqsədi ilə uzaqdan idarə edilə bilən robotdur. Hashimov Robotu düşmən məntəqsinə 30 metr məsafədən WEP, WPA/WPA2 tipli wifi şifrələrini sındıraraq wifi a qoşulu olan bütün cihazları dinləyə və əldə etdiyi məlumatları robotu idarə edən şəxsə göndərə bilir. Robotu 30 km/saat sürətlə 6 saat ərzində 180 km məsafə qət edə bilir. Bundan başqa Hashimov robotu bluetoothu açıq olan cihazlara da sıza və məlumatları robotu idarə şəxsə yollaya bilir.
Şəhid anaları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilib
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və fənn müəllimlərinə təşəkkürnamə təqdim edilib.
Təşəkkürnamə təqdim edilən təhsil işçiləri seçilərkən həmin ümumtəhsil məktəblərində şagirdlərin fənn olimpiadasının şəhər mərhələsində yüksək nəticə əldə etməsi əsas istiqamət olaraq müəyyənləşib.
Bundan başqa Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və idarənin əməkdaşları ümumtəhsil məktəblərində texniki işçi kimi çalışan Şəhid analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşəkkürnamə təqdim edərək təbrik ediblər. Həmçinin GŞTİ ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin birgə təşəbbüsü ilə ümumtəhsil məktəblərində çalışan 45 texniki işçinin hesabına birdəfəlik ödənişlər edilib.
“Nizami Gəncəvi İli”nə həsr edilən tədbirlər və sərgilər keçirilib
Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası ilə əlaqədar Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədbirlər keçirilir və sərgilər təşkil edilib.
Tədbir və sərgilərin təşkil edilməsində əsas məqsəd şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.
Tədbirlərdə şagirdlərin ifasında Nizami Gəncəvi yaradıcılığından seçmələr səhnələşdirilərək təqdim olunub. Həmçinin dahi sənətkarın şeirləri səsləndirilib, həyat yolu barədə məlumat verilib.
Qabaqcıl şagirdlər mükafatlandırılıb
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qabaqcıl şagirdlərlə görüşərək onları mükafatlandırıb.
Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinif şagirdi Rəsul Əliyev və M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov iştirak ediblər.
Niyazi Bayramov sagirdlərlə söhbət edərək, onları qazandıqları nailiyyətlərə görə təbrik edib. O bildirib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əllərindədir. Şəhər rəhbəri gənclərlə iştirak etdikləri yerli və beynəlxalq fənn olimpiadaları, müxtəlif müsabiqələrlə bağlı söhbət edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda şagirdlərə planşet hədiyyə olunub və xatirə şəkli çəkdirilib.
Şagirdlər öz növbələrində onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Rəsul Əliyev 2017-ci ildə keçirilən Məktəblərarası I Robot Olimpiadasında III yerə layiq görülüb. 2018-ci ildə “Sabahın Alimləri” VII Respublika Müsabiqəsinin finalçısı olub, Məktəblərarası II Robot Olimpiadasında “Line follower” və “Lego sumo” kateqoriyaları üzrə II yerə, II Dünya Robot Olimpiadasının Seçim Turunda isə VII yerə layiq görülüb. O, həmçinin 2019-cu ildə ABŞ-da keçirilən “Genius Olympiad”da IV yerə layiq görülüb. 2020-ci ildə “Hach the Northeast”, “Def Hacks Virtual” və “OSU SF Bay Area Hackathon” müsabiqələrində final mərhələsinə yüksəlib. Rəsul Əliyev uzaqdan idarə edilə bilən “Hashimov” robotunun ixtiraçısıdır.
Əziz Hüseynov isə 2016-2017-ci, 2017-2018-ci və 2018-2019-cu tədris illərində Respublika fənn olimpiadalarında informatika fənnindən qızıl medala layiq görülüb. 2018-ci ildə ABŞ-da keçirilən "Genius olympiad" robot yarışında qızıl medala, 2019-cu ildə “EJOİ Avropa yeniyetmələrin informatika üzrə olimpiada”sında gümüş medala, həmin ildə “İATİ” - Bolqarıstanda keçirilən olimpiadada gümüş medal qazanıb. O, 2020-ci ildə “XVI Beynəlxalq Jautikov Olimpiadası”nda (İZhO)” bürünc medala, “Beynəlxalq Asiya Pasifik İnformatika”da (APİO) bürünc medala, “Beynəlxalq İnformatika Olimpiadasında” (İOİ) bürünc medala, İnformatika fənni üzrə “XII Payız Turniri”ndə (İATİ) bürünc medala layiq görülüb. 2021-ci ildə isə Əziz Hüseynov “XVII Beynəlxalq Jautikov Olimpiadası”nda bürünc medala sahib olub. Əziz hazırda, informatika fənni üzrə Respublika fənn olimpiadasının final mərhələsinin iştirakçısıdır.
Təhsil müəssisələrində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar şagirdlər məlumatlandırılıb
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagirdlər 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məlumatlandırılıb.
Fənn müəllimləri şagirdlərə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın barədə məlumat veriblər. Bildirilib ki, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Zahid Xəlillə ibtidai sinif müəllimlərinin görüşü keçirilib
Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlillə Gəncə şəhər ümumtəhsil məktəblərində çalışan ibtidai sinif müəllimlərinin görüşü keçirilib.
Görüşdə həmçinin Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Bakı şəhər T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova da iştirak edib.
Görüş müddətində uşaq ədəbiyyatından düzgün istifadə, uşaqlarda bədii ədəbiyyata marağın artırılması və digər məsələlər barədə müzakirələr aparılıb.
Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib
26-27 aprel tarixlərində ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilir. Müsabiqədə 6-cı siniflər yalnız riyaziyyat və ya informatika fənlərindən biri üzrə, 7-ci siniflər isə yalnız kimya, fizika və ya biologiya fənlərindən biri üzrə iştirak edə bilərlər.
M.C.Paşayevin doğum günü qeyd edilib
Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə böyük yazıçı və ədəbiyyatşünas alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin doğum günü qeyd edilib.
Əvvəlcə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məktəbin direktoru və bir neçə fənn müəllimi M.C.Paşayevin məktəbin qarşısında olan büstü önünə gül dəstələri düzüblər. Daha sonra GŞTİ-nin müdiri Anar Qədiməliyev, ADA-nın nümayəndələri, məktəb rəhbərliyi məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə “Virtul məktəb” platformasında üzərində onlayn görüş keçirilib.
Görüşdə müxtəlif fənn müəllimləri M.C.Paşayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər. Şagirdlər isə öz növbələrində ədibin müxtəlif məzmunlu şeirlərini ifa ediblər.
Alternativ mərkəzlər fəaliyyətə başlayıb
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə göstərib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) təhsil idarəsində və müvafiq məktəblərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstərilib. Bundan başqa vətəndaşlar “WhatsApp” nömrələri vasitəsilə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.
Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən “Bizim şagird” rubrikası həyata keçirilir.
Rubrikanın həyata keçirilməsində əsas məqsəd qabaqcıl, xüsusi təhsil nailiyyətləri ilə seçilən şagirdlərin ictimaiyyətə tanıdılması, beləliklə digər şagirdlərdə ruh yüksəkliyinin yaradılmasıdır.
78 nəfər şagirdimiz Respublika fənn müsabiqələrinin final mərhələsində iştirak etmək hüququ qazanıb
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstəərn ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri müəyyənləşib. Nəticələrə əsasən 78 nəfər şagirdimiz Respublika fənn müsabiqələrinin final mərhələsində iştirak etmək hüququ qazanıb.
Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
Mayın 8-də Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Müsabiqədə iştirak üçün Gəncə şəhər ümumtəhsil məktəblərindən V sinifdə təhsil alan 700-dək şagird iştirak edib.
Gəncə şəhər ümumtəhsil məktəblərində PIRLS 2021 beynəlxalq qiymətləndirməsi keçirilib
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 7 ümumtəhsil məktəbində PIRLS 2021 beynəlxalq qiymətləndirməsi keçirilib.
Qiymətləndirmə 20 may-11 iyun tarixlərini əhatə edir. Bu mərhələdə Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrindən 95 məktəb üzrə 134 sinif və təxminən 3600 şagirdin iştirakı nəzərdə tutulub. İştirakçı siniflərdən 94-ü Azərbaycan, 40-ı isə rus bölməsidir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib
Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər Evinin müdiri Amil Qurbanov, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Gəncə Regional Ombudsman İdarəsinin əməkdaşı Xəyal Alıverdiyev, Şəhid övladları və UGİM-nin dərnək üzvləri iştirak ediblər.
14 məktəblimiz olimpiada qalibidir
2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Gəncə şəhəri üzrə 14 nəfər məktəbli qalib olub. Olimpiadada Gəncə şəhəri üzrə 3 nəfər qızıl, 2 nəfər gümüş, 9 nəfər bürünc olmaqla ümumillikdə 14 medal əldə edilib.
Şagirdlərimiz buraxılış imtahanlarında yüksək nəticə əldə ediblər
Ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən 38 nəfər 270 bal və ondan yüksək nəticə göstərib. Bununla belə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri buraxılış imtahanlarında 46 nəfər 270 bal və ondan yüksək nəticə əldə ediblər.
İctimaiyyətlə əlaqələr genişləndirilib
Gəncə Şəhər Təhsil İdsrəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində həyata keçirilən yeniliklər və idarənin fəaliyyəti barədə məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində müvafiq işlər görülmüşdür.
Bundan başqa GŞTİ-nin rəsmi sayt və feysbuk hesabında aktivlik tədris ili ərzində daha da artmışdır.
Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb.