24.08.2021

Məktəbəhazırlıq qruplarına 2443 uşaq qeydiyyatdan keçib

Məktəbəhazırlıq qruplarına şagirdlərin qeydiyyatı davam edir. Avqustun 24-ə olan məlumata görə Gəncə şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 2443 uşaq üçün elektron sorğu yerləşdirilib.

 

Valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2016-cı ildə anadan olmuş uşaqlar cəlb olunurlar.

 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə  bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

 

Qeyd edək ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

 

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.


Açar sözlər: ,