Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda iştirak edib, eyni zamanda genişmiqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: “İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”. Belə mənəvi dəyərlərə malik olan bir Azərbaycan xanımı “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin”- deyir. Əslində, onun gördüyü bu işlər Azərbaycanı yaşatmaq siyasətidir. Azərbaycanı tanıtmaq siyasətidir. Azərbaycanı olduğu kimi dünya ponaramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan insanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır. Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Belə ki, bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır.
Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.Vətən və torpaq uğrunda canından keçən, şəhid olan, yaralanan insanları Azərbaycan dövləti hər zaman diqqətə saxlayır, onların hər birinə böyük həssaslıqla yanaşır. Mehriban Əliyevanın Vətənə xidmətinin təməlində xalqına böyük sevgi, hər bir vətəndaşa, cəmiyyətin hər bir üzvünə həssas və qayğıkeş münasibət dayanır: “Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır”.Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir. Əməlləri ilə nümunə olan Mehriban xanım Əliyeva ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıq kimi Azərbaycanın qapısını dünyaya açıb. Hələ Mehriban xanım Əliyevanın vərəqləyəcəyi çox, lap çox məqamlar var. Onların hər biri Azərbaycanla bağlıdır. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır.
Gəncə şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Mərziyyə Hüseynova