Sentyabrın 14-də Gəncə, Naftalan şəhərlərinin, Göygöl, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, Millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə şəhər icra Hakimiyyətinin əməkdaşı Azər İbrahimov, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanov, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Gəncə, Naftalan şəhər, Göygöl, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Qonaqlar əvvəlcə Heydər Əliyev Park-kompleksində Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov 2020-2021-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən hesabatla çıxış edib. E.Bağırov ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması, təmayülləşmə və digər məsələlər barədə çıxış edib. Mövzu ətrafında təhsil işçilərinin suallarını cavablandırıb.
Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Gəncə şəhər 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Təbriz Nurəddinli və 37 nömrəli tam orta məktəbin gənc müəllimi Gülçin Kazımovanın çıxışı ilə davam edib.
Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və konfransın qərar layihəsi hazırlanıb.