01.10.2021

Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib

Azərbaycan hər zaman öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardığı dövrdə də öz mövqeyinə sadiq qalan tərəf olub. Ölkə başçısı İlham Əliyevin vurğuladığı kimi, “bizə heç kimin torpağı lazım deyil, biz öz torpaqlarımızı qaytarırıq, ölkəmizin dünya birliyi tərəfindən qəbul olunmuş ərazi bütövlüyünü bərpa edirik”. Azərbaycan özü ilə həmsərhəd olan dövlətlərə heç zaman ərazi iddiaları ilə çıxış etməyib. Hər zaman Qafqazda da sabitliyin təmin olunmasında böyük maraq göstərib. Azərbaycan torpaqlarını işğaldan güc yolu ilə azad etməyə başladıqdan sonra dünyanın diqqəti ölkəmizə yönəlib. Məlumdur ki, dünyada ikili standartların, hegemonluq iddialarının, sivilizasiyalararası problemlərin olduğu bir vaxtda öz hüquqlarını güc yolu ilə təmin etmək asan məsələ deyil. Lakin Azərbaycan bunu bacardı. Prezident, Ali Baş Komandan İlham Əliyev özünün müdrik siyasəti ilə danışıqlardan imtina edən, torpaqlarımızın işğalından əl çəkmək istəməyən Ermənistanı güc yolu ilə cəzalandırır, onu qədim yurd yerlərimizdən qovub çıxarır. Bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb.

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi və Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi.

 

Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!

 

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aynurə Şirinova.