11.10.2021

Gəncə terroru qurbanlarının xatirəsi anılıb

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini -  Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər idarəsinin əməkdaşı, Gəncə Tibb Kollecinnin direktoru Mehman Rzayev, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Qazilər, Şəhid ailələri, GŞTİ-nin əməkdaşlarının iştirakı ilə oktyabrın 11-də cəbhə bölgəsindən 80 kilometr məsafədə yerləşən Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsi anılıb.

 

Tədbir iştirakçıları əvvəlcə qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri düzərək hadisə nəticəsində həlak olan həmvətənlərimizin xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə “Tarix unudulmur” adlı anım tədbiri keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə bildirilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir. Xocalı soyqırımını törədən cinayətkarlar cəzasız qaldıqları üçün bu gün də qanlı terror aktları törədilir. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.

 

Tədbirdə Şəhid ailələri, qazilər və Gəncə terrorunun şahidi olan şəhər sakinləri çıxış ediblər. Şagirdlərin ifasında Gəncə terroru ilə bağlı kompozisiyalar təqdim edilib. Sonda dünya ictimaiyyətinə müraciət səsləndirilib.


Açar sözlər: ,  ,  ,