Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbdə K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Qəhrəman uşaqlar” adlı tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) müdiri Anar Qədiməliyev, Gəncə Regional Mədəniyyət idarəsinin müdiri Vasif Cənnətov, idarə və müəssisələrin məsul əməkdaşları, GŞTİ-nin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbirin məqsədi ötən ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, həlak olanların əziz xatirəsini yad etməkdən ibarət olub.
Tədbir Şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Gəncə terroru və məktəbin Şəhid məzunları barədə məlumat verilib, onların xatirəsi dərin ehtiramla yad edilib. Tədbirin davamında məktəbin Şəhid məzunları ilə bağlı “Əbədi məzunlar” adlı videoçarx nümayiş etdirilib, şagirdlər Gəncə terrorunundan bəhs edən kompozisiya ilə çıxış ediblər.
Məlumat üçün qeyd edək ki, Gəncə terroru nəticəsində K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 4 şagirdi həlak olmuşdur.