Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun xatirəsinə riyaziyyat və tarix fənləri üzrə olimpiadanın şəhər mərhələsi keçirilib.
Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən VII və VIII sinif şagirdlərinin iştirakı ilə Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun xatirəsinə riyaziyyat və tarix fənləri üzrə olimpiadanın şəhər mərhələsi keçirilib. Olimpiada başlanmazdan əvvəl Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun valideynlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Şəhid müəllimlər yad edilib. Onların müəllimlik fəaliyyəti, nümunəvi şəxsiyyət, əsl pedaqoq olmaları barədə danışılıb. Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Şəhid müəllimlərin xatirəsinə keçirilən olimpiadanın davamı olaraq bir çox tədbir və görüşlərin keçiriləcəyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd Vətən müharibəsində canlarını fəda edən müəllimlərimizin əziz xatirəsini yad etməkdən ibarətdir. Olimpiadada riyaziyyat fənnindən VII siniflər üzrə 150 nəfər, tarix fənnindən isə VIII siniflər üzrə 101 nəfər şagird iştirak edib.