Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” Respublika Uşaq Rəqs Festivalının mükafatlandırma mərasimi keçirilib. Festivalda Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Azərin" rəqs qrupu "Cəngi" rəqsi ilə III yerə layiq görülüb.
Festivalın məqsədi ölkəmizin möhtəşəm Qələbəsini qeyd etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq və onlarda hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, xalqımızın şanlı Zəfər tarixi haqqında məlumatları artırmaq, vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək, milli-mənəvi dəyərlərimizi qoruyub təbliğ etmək, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların mədəniyyəti, incəsənəti, milli adət-ənənələri, xalq yaradıcılığı və folkloru ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətlərini yaratmaq, gənc istedadları və uşaq rəqs kollektivlərini üzə çıxarmaqdan ibarət olub.