Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Səadət Bəşirli 4 yaşından etibarən şahmat idman növü ilə məşğul olur.
Səadət Bəşirli 2017-ci ildə 6 yaşı olmasına baxmayaraq 8 yaşadək qızlar arasında Şahmat üzrə Yeniyetmələrin Azərbaycan Çempionatında 3-cü yerin sahibi, həmin ildə 7 yaşadək qızlar arasında Məktəblilərin Şahmat üzrə Azərbaycan Çempionatında 2-ci yer və Monteneqronun Budva şəhərində keçirilən Şahmat üzrə Məktəblilərin Avropa Çempionatında 2-ci yerə layiq görülərək gümüş medal qazanmışdır. 2017-ci ildə 6 yaşlı Səadət Bəşirli Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən şahmat üzrə idman ustalığına namizəd (WCM) dərəcəsi ilə təltif edilmişdir. O, 2018-ci ildə 7 yaşadək məktəbli qızlar arasında Şahmat üzrə Azərbaycan Çempionu olmuşdur, həmin ildə 8 yaşadək qızlar arasında Şahmat üzrə Yeniyetmələrin Azərbaycan Çempionatında 2-ci yerə layiq görülmüşdür. 2019-cu ildə Şahmat üzrə Yeniyetmələrin Azərbaycan Çempionatında 1-ci yerə və Slovakiyanın Bratislava şəhərində keçirilən Şahmat üzrə Yeniyetmələrin Avropa Çempionatında 9 oyundan 7.5 xal toplayaraq (7 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət) 2-ci yerə layiq görülərək gümüş medal qazanmışdır. Sonuncu nailiyyəti ilə (EYCC 2019, G08 silver medal) Səadət son 10 ildə qadınlar arasında Şahmat üzrə Yeniyetmələrin Avropa və Dünya Çempionatlarından Gəncə şəhərinə gətirilən medalı yeniləməklə WGM İlahə Qədimova, WGM Ülviyyə Fətəliyeva, WIM Səbinə İbrahimovadan sonra ilk belə şahmatçıdır.
WCM Səadət Bəşirli 2019-cu il 20-27 noyabr tarixlərində Ağsu şəhərində keçirilmiş 8 yaşadək qızlar arasında Məktəblilərin Şahmat üzrə Azərbaycan Çempionatında 7 oyundan 7 xal toplayaraq çempionatın ən yüksək mükafatını (birinci yer) qazanmışdır. Bu nəticəni Səadət artıq 3-cü dəfədir ki, təkrarlayır.
Bundan başqa Səadət Bəşirli 2018-ci ildə Albaniyanın Dürres şəhərində keçirilən Şahmat üzrə Məktəblilərin Avropa Çempionatında və Latviyanın Riqa şəhərində keçirilən Yeniyetmələrin Avropa Çempionatında iştirak etmişdir. Səadətin beynəlxalq yarışlarda rəqiblərinə qarşı prinsipial mövqe nümayiş etdirməsi diqqətə layiqdir. Həmişə arzulayır ki, rəqiblərinin içərisində Ermənistanı (düşmən ölkəni) təmsil edən şahmatçı olsun və onun üzərində qələbə qazanmaqla bir növ rahatlıq tapsın. Belə də oldu, Riqada keçirilən çempionatda erməni şahmatçı Qevorqyan Nrane üzərində parlaq qələbə qazanmaqla milli mənsubiyyətini və gücünü nümayiş etdirmiş oldu. Bundan başqa COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 5-21 oktyabr 2021-ci il tarixlərdə 8-20 yaşlı oğlanlar və qızlar arasında hibrid formatda keçirilən onlayn Avropa Çempionatında Səadət Bəşirli 10 yaşadək qızların yarışında 26 ölkədən 71 iştirakçı arasında 9 oyundan 6.5 xal toplayaraq bürünc medala sahib olmuşdur. Ən önəmli məqamlardan biri də odur ki, həmişə arzuladığı kimi bu beynəlxalq turnirdə də püşk Səadəti erməni rəqiblə (Tavakalyan Ani) qarşılaşdırdı və Səadət yenə qalib oldu.
Bundan əvvəl isə 2020-ci ildə Səadət Bəşirli Sürətli Şahmat üzrə Onlayn Dünya Çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsində 46 ölkədən 10 yaşa qədər 53 qız şahmatçı arasında ən yaxşı nəticə göstərərək 1-ci yerə layiq görülüb. Sürətli Şahmat üzrə Dünya Çempionatının Final mərhələsində play-off sistemi ilə yarımfinala qədər irəliləyib və Onlayn Dünya Çempionatında 4-cü yerə çıxmışdır.