Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisinin təltifləri təqdim edilib.
Tədbirdə GŞTİ-nin müdiri Anar Qədiməliyev, Millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə bölməsinin gənc tədqiqatçı-alimi Elnur Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov, GŞTİ-nin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən GŞTİ-nin müdiri Anar Qədiməliyev müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" təqdim edilib.