06.01.2022

Elza Məsimova: “Şagirdlərimin məhəbbəti və xatirələrində yaşamağım xoşbəxtlikdir”

Elza Məsimova: “Şagirdlərimin məhəbbəti və xatirələrində yaşamağım xoşbəxtlikdir”

Elza Məsimova 1965-ci ildə Gəncə şəhərində mühəndis ailəsində anadan olub. 1983-1987-ci illərdə Gəncə (o vaxtkı Kirovabad) Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsində təhsil alıb. 1987-ci ildə İsmayıllı rayon İvanovka kəndində pedaqoji fəaliyyətə başlayıb. Hazırda Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

 

- Elza xanım, neçə ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz və bu müddətdə müəllimliyin sizə qazandırdıqları nə olub?

- 2021-2022-ci tədris ili mənim pedaqoji fəaliyyətimin 34-cü ilidir. Bu uzun yol Böyük Qafqazın cənub ətəklərində yerləşən, silsilə dağlar və zirvələrlə əhatələnən İsmayıllı rayonundan başlayıb. 1987-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib, İsmayıllı rayonunun xalqımızın tolerantlığını və multikultural dəyərlərini özündə əks etdirən İvanovka kəndinə yollandım. İvanovka kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətim daha maraqlı keçdi. Burada rus, ləzgi, azərbaycanlı şagird və müəllimlərin əhatəsində 4 il zəngin, yaddaqalan bir həyat... Daha sonra 1991-1992-ci tədris ilində doğma Gəncəmizə qayıtdım və taleyimi hazırda çalışdığım 12 nömrəli tam orta məktəblə bağladım. Müəllimliyin mənə qazandırdıqları isə saymaqla bitməz. Bu ad mənə xalqımın hörmətini qazandırdı. Şagirdlərimin məhəbbəti və xatirələrində yaşamağım xoşbəxtlikdir.

 

- Şagirdlərinizə fənninizi tədris edərkən hansı yenilik və innovasiyalardan yararlanırsınız?

- Dərsin məqsəd və məzmununa, şagirdlərin dərketmə imkanlarına uyğun olaraq müvafiq metod və vasitələr kompleksi müəyyənləşdirir, kompüter, proyektor və elektron lövhə vasitəsi ilə dərslərimi daha effektiv tədris edirəm. Pandemiya ilə əlaqədar olaraq ZOOM və “Microsoft Teams” proqramlarından istifadə etməyim mənə öz işimdə yardım olub.  Dərslər distant formada tədris olunduğu zaman digər müəllimlər kimi mən də daha çox “ZOOM” və “Microsoft Teams” proqramından istifadə edirdim.

 

- Pedaqoji fəaliyyətinizdə sizə stimul verib, motivasiya edən nədir?

- Dövründən asılı olmayaraq, müəllimlik  çətin, həm də ən şərəfli peşədir. Pedaqoji sahədə çalışan hər bir müəllim didaktik qabiliyyətə, hərtərəfli biliyə, yüksək intellektual səviyyəyə, kompüter biliklərinə sahib olmalıdır. Ən çətin situasiyada səbirli olmalı, hissə qapılıb qərar verməməlidir. Çünki dövlətin ən qiymətli kapitalı olan insanı vətən üçün xeyirli övlad, cəmiyyət üçün şəxsiyyət kimi yetişdirmək asan deyil. Mürəkkəb işimiz var... Yoruluruq, ancaq hər bir müəllim fərdi olaraq özündə motivasiyaedici, stimulverici bir səbəb tapır, yenidən dirçəlir. Mən şagirdlərimi çox sevirəm. Onların yeniliklərə həvəsi, hər yeniliyi mənimlə müzakirə edib, dərsə tətbiq etmək istəkləri, məndən yeni iş üsulları, resursları, inteqrasiya imkanları, sual və tapşırıqlar gözləməsi, üzümə zillənən maraq dolu baxışlar... Bunları duyan müəllim necə motivasiya olunmaz? Çağdaş dövrümüz texniki vasitələrdən istifadə bacarığı tələb edir. Ona görə də hələ çox işləməliyik!

 

- Əməkdar müəllim fəxri adına layiq görülübsünüz. Etiraf edək ki, bu adın məsuliyyəti də böyükdür..

- Əməkdar müəllim fəxri addır. Fəxarət hissi verir insana. Mən həm qürur hissi, həm də məsuliyyət hissi keçirirəm. Çünki bu adın ağırlığı, çəkisi var. Çalışacağam ki, bundan sonra da  öz işimlə göstərilən etimadı doğruldum.

 

- Müəllim olmaq istəyənlərə nə demək istərdiniz?

- Deyərdim ki, əgər torpaqlarımız uğrunda can qurban verməyə hazır olan, şəhidliyi fəxarət sayan, əsl vətəndaş - vətən aşiqləri, bacarıqlı, intellektual səviyyəsi ilə dünyaya çıxan gənclər, özgüvən hissi ilə silahlanmış şagird və tələbələr yetişdirə biləcəksənsə,  onda bu şərəfli peşəni seç!

 

 


Açar sözlər: ,