19.01.2022

Xüsusi dərslər keçirilib

Yanvarın 19-da Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib. Dərslərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

 

Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıb. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub.

 

Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını ziyarət ediblər. Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar, konfrans, seminar, mühazirə və "dəyirmi masa"lar da keçirilir.


Açar sözlər: ,  ,  ,