21.01.2022

Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib

Yanvarın 21-də Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak edib.

 

Açılış mərasiminin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir iştirakçıları daha sonra məktəbdə yaradılmış  şəraitlə yaxından tanış olublar.

 

Bildirilib ki, məktəb binası 760 şagird yerlikdir. Üç mərtəbəli təhsil müəssisəsində 31 sinif otağı, 2 informatika kabineti, 6 laboratoriya, müəllim otağı, elektrik otağı, həkim otağı, 4 texniki otaq, kitabxana və oxu zalı, 160 yerlik bufet, 180 nəfərlik akt zalı, qəbul otağı, qarderob və 24 sanitar qovşağı müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbin 2 emalatxanasında tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. 2 idman zalı zəruri avadanlıqla təchiz edilib.

 

Qeyd edək ki, son 10 ildə Gəncə şəhərində 12 məktəb əsaslı təmir edilib.


Açar sözlər: ,