Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi ilə bağlı maarifləndirici görüş keçirilib. Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları və son 3 il ərzində müəllimlərin işə qəbulu müsabiqəsində ən yüksək nəticə göstərərək işə qəbul olan fənn müəllimləri iştirak ediblər.
Görüşdə qrant layihələrinin yazılması, qeydiyyat, sənədlərin hazırlanması, layihələrin icrası, hesabatlılıq və digər məsələlərlə bağlı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bundan başqa fənn müəllimləri qruplar şəklində düşündükləri ideyalar barədə təqdimatlar hazırlayıblar.
Məlumat üçün qeyd edək ki, təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ni elan edir.