25.04.2022

“Minalar və partlamamış döyüş sursatları” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Təhsil Nazirliyinin birgə layihəsi əsasında Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə “Minalar və partlamamış döyüş sursatları” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin yerli təhsili idarə etmə orqanları ilə iş sektorunun baş məsləhətçisi Əhliyyət Adıgözəlov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, ANAMA-nın əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzinin koordinatoru İsmayıl Əsədov, ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri, müəllimlər, məktəb direktorları, qazilər və müharibə veteranları iştirak ediblər.

 

Tədbirdə ANAMA-nın əməkdaşları şagirdlərə “Minalar və partlamamış döyüş sursatları” mövzusunda ətraflı məlumat verilib və şagirdlərə mina təhlükəsizliyi ilə bağlı kitabçalar, bukletlər və plakatlar hədiyyə edilib.

 

Təhsil Nazirliyinin yerli təhsili idarə etmə orqanları ilə iş sektorunun baş məsləhətçisi Əhliyyət Adıgözəlov öz çıxışında ermənilərin əzəli torpaqlarımızı işğal etmələri, erməni vəhşilikləri nəticəsində xalqımıza dəyən maddi və mənəvi ziyan haqqında ətraflı məlumat verib.

 

Tədbirin davamında müharibə iştirakçıları olan qazilər şanlı döyüş yolu barədə çıxış ediblər.


Açar sözlər: ,