Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Əvvəlcə, Gəncə Regional Mərkəzinin həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub. Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbi I yeri, Ağstafa rayon A. Mustafayev adına Həsənsu kənd tam orta məktəbi II yeri, Gədəbəy rayon Zəhmət kənd tam orta məktəbi isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunub.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.